Loqlayn nədir və necə düzəldilir?

Loqlayn – hekayənin mahiyyətini və əsas dramatik toqquşmasını detallara varmadan bir cümlədə çatdıran qısa məlumatdır.

Loqlayn hekayə haqqında ümumi məlumat verir və film haqqında oxucuda təsəvvür yaradır. Lakin vacib gözlənilməzliklər açılmamalı və əlbəttə ki, final haqqında heç nə deməməlidir. Nəinki final, 3-cü akt haqqında da heç nə deməməlidir. (İstisna hər zaman mümkündür. Bəzən loqlayndan qəhrəmanın sonda hansı etik seçim qarşısında qalacağını təxmin etmək olur)

“Logline” ifadəsi necə yaranıb?

“Logline” ifadəsi iki ingilis sözünün birləşməsindən yaranıb. “Log” – qeydiyyat jurnalı, “line” – isə xətt, sətir kimi tərcümə edilir.

Ötən əsrin 2-ci yarısında prodakşnlara göndərilən ssenariləri qeydiyyat jurnalında bir cümlə olaraq qeyd edirdilər. Prodüserlər məhz bu cümləyə əsaslanaraq ssenarini oxuyub-oxumayacaqlarına qərar verirdilər. Beləliklə, “Logline” ifadəsi yaranır. “Logline” - hərfi mənada “Jurnalda yazı” ifadəsinə yaxın bir məna verir.

 

Loqlaynın vacib xüsusiyyətləri.

Yaxşı loqlaynda 5 vacib xüsusiyyət olmalıdır:

  1. Qısa olmalıdır. Oxucunun bilməsi gərəkən informasiyalar minimum sözlə ifadə edilərək deyilməli, heç bir artıq söz istifadə edilməməlidir.
  2. Aydın olmalıdır. Rahat başa düşülməlidir. Loqlaynla bağlı əlavə sual yaranmamalıdır. Loqlayn – çox gizli, çox çətin və çox sadə olmamalıdır.
  3. Universal olmalıdır. Personaj və ya vəziyyət tamaşaçıya tanış olmalıdır.
  4. Emosional cəlbediciliyi olmalıdır. Emosional cəlbedicilik - hər hansı şəxsə və ya vəziyyətə olan duyğusal münasibətdir.
  5. Şüjetin inkişafı görünməlidir. Loqlaynı oxuyan şəxs hekayəni vizuallaşdıra bilməlidir. Süjetin inkişafının görünməsi həm auditoriyanı təyin edir, həm də eyni zamanda prodüserə büdcəni təxmini də olsa, hesablamağa imkan yaradır.

 

Bir nümunəyə baxaq.

 

Nümunə-1: Sürət (Speed, 1994)

Ssenarist: Graham Yost

İnadkar polis sürəti 80km/saatdan aşağı olacağı təqdirdə partlayacaq bir bombanın qoyulduğu şəhər avtobusunda ilişib qalmış insanları xilas etməlidir.

Vacib xüsusiyyətlər:

  1. Minimum sözlə ifadə olunub. Artıq söz istifadə edilməyib
  2. Rahat başa düşülür. Şəhərlər arası hərəkət edən avtobusa bomba qoyulub və əgər avtobusun sürəti 80km/saatdan aşağı olsa, bomba partlayacaq. İnadkar xüsusiyyətə sahib polis məmuru da həmin avtobusda olan insanları xilas eləməlidir.
  3. Universaldır. Hamımız heç olmasa, bir dəfə belə olsa, avtobusdan istifadə etmişik. Odur ki, özümüzü orada təsəvvür edə bilirik.
  4. İnsanların ölüm təhlükəsi qarşısında qalmaları bizə emosional olaraq təsir edir. Bizim baş verənlərə biganə qala bilməməyimiz emosional cəlbedicilik yaradır.
  5. Süjetin inkişafı təxmin edilə bilir. Yüksək sürətlə hərəkət edən şəhər avtobusu. Yolda sərt döngə, tıxac ola bilər, yolun bir hissəsi olmaya bilər, benzin qurtara bilər və s. maneələr görünür və qəhrəmanın bu maneələri necə keçəcəyi maraq doğurur. Həmçinin, prodüserin təxmini də olsa, büdcə haqda təsəvvürü yaranır.

 

Loqlaynda olan elementlər:

  1. Qəhrəman və təsviri – indakar polis məmuru
  2. Məqsəd – insanları xilas etmək
  3. Maneə - avtobusun 80km/saat sürətlə hərəkət etməsi
  4. Qoyuluş (itirəcəyi nəsnə) – insanların həyatı
  5. Təhrikedici hadisə - avtobusda bombanın olması xəbəri (bu loqlaynda deyilmir, lakin biz bunun baş verdiyini bilirik)
  6. Dramatik sual – Polis insanları xilas edə biləcəkmi?
  7. Janr – Döyüş (action)
  8. Antaqonist – qeyri-müəyyəndir. Loqlayndan bombanın kimsə tərəfindən qoyulduğu aydın olur. Lakin həmin şəxs haqqında heç bir məlumat verilmir.

Qeyd: sürəti 80km/saat olan şəhər avtobusundan insanları xilas etmək demək olar ki, mümkünsüzdür. Bu səbəbdən qəhrəmana məqsədinə çata bilməsi üçün müəllif üstünlük (məqsədinə çatmasına səbəb olacaq bir bacarıq; güc və ya xüsusiyyət) verib – inadkarlıq.

Qeyd 2: istənilən xarakterik xüsusiyyət həm üstünlük, həm də zəiflik kimi istifadə edilə bilər.

 

Loqlaynın vəzifəsi nədir?

Əvvəlcə onu qeyd edim ki, loqlayn iki məqsədlə yazılır.

Birincisini, ssenarist özü üçün yazır. Ssenariyə başlamazdan əvvəl ssenarist yazacağı hekayəni bir cümlə ilə qeyd edir. Bu cümlə ssenaristə ssenari yazımı prosesində hekayənin necə inkişaf edəcəyini və hansı istiqamətə gedəcəyini göstərən bir mayak rolunu oynayır. Məhz bu loqlayna əsaslanaraq ssenarist hekayənin inkişafına nəzarət edə bilir. Təbii ki, ssenarinin yazılma prosesi müddətində loqlayn müəyyən dəyişikliklərə məruz qala bilər və təkmilləşər.

İkincisini isə ssenarist prodüserə, rejissora təqdim etmək üçün yazır. Bu loqlayn ssenari yazılandan sonra formalaşır və ssenarini tam şəkildə ifadə edir. Bu loqlaynın və ümumilikdə, loqlaynın vəzifəsi - prodüserin, rejissorun və ya hər hansı oxucunun (ssenari agentinin və ya potensial müştərinin) ssenarini oxumasına nail olmaqdır.

Bunun üçün isə loqlaynda yuxarıda qeyd elədiyim loqlaynın vacib xüsusiyyətləri və oxucunu maraqlandıracaq və ssenarini oxumağa sövq edəcək elementlər olmalıdır.

 

Loqlaynda olan elementlər.

Oxuduğum, analiz elədiyim loqlaynlarda dramaturgiyanın əsasını təşkil edən, süjetə, personaja aid olan bir çox nəsnələrlə qarşılaşdım. Bunları birgə nə adlandırmaqla bağlı çox düşündüm və belə qərara gəldim ki, bunları sadəcə element olaraq adlandırım.

Bu siyahını analiz elədiyim loqlaynlarda qarşılaşdığım elementlərə əsasən tərtib etmişəm.

 

Loqlaynda olan elementlər:

  1. Qəhrəman
  2. Qəhrəmanın təsviri (peşəsini, bacarığını, statusunu göstərən və yaxud xarakteristikasını təqdim edən ifadə - onun kimliyi haqqında bizdə təsəvvür yaradan ifadə)
  3. Qəhrəmanın çatışmazlığı (etik və psixoloji). Bu metamorfoz ilə əlaqədardır. (Qəhrəmanın təsvirinə aiddir)
  4. Məqsəd
  5. Qəhrəmanın çatışmazlığını aradan qaldırması üçün lazım olan nəsnə. (Deyilməyə bilər, kontekstdən anlaşıla bilər)
  6. Konflikt (xarici və daxili)
  7. Antaqonist (Janrdan və nəqletmədən asılı olaraq “antaqonist” loqlaynda göstərilməyə bilər)
  8. Antaqonistin təsviri (peşəsini, bacarığını (gücünü) və ya statusunu göstərən və yaxud xarakteristikasını təqdim edən ifadə - onun kimliyi haqqında bizdə təsəvvür yaradan ifadə)
  9. Antaqonistin çatışmazlığı (etik və psixoloji)
  10. Qəhrəmanı və antaqonisti təsvir edən sifətlərin konflikt yaratması. (Misal, dəcəl şagird – səbrsiz müəllim)
  11. Mentor və təsviri
  12. Müttəfiq və təsviri
  13. Mövzu
  14. İroniya (ifadələrin hərfi mənalarına zidd olaraq işlənməsi nəticəsində yaranan incə bir istehza. Başqa sözlə, bir-birinə zidd olan iki nəsnənin birləşdirilməsi nəticəsində yaranan istehza)
  15. Təhrikedici hadisə (buna kataliator, səyahətə çağırış, taleyin çağırışı və s. də deyilir)
  16. Qoyuluş (ing: Stake. Qəhrəmanın məqsədinə çatmayacağı təqdirdə itirəcəyi nəsnə)
  17. Problem (deyilməməlidir, kontekstdən anlaşılmalıdır)
  18. 1-ci dönüş nöqtəsi (bu loqlaynda bəzən gözlənilməz dəyişiklik (twist) olaraq da qəbul edilir)
  19. Geri qayıda bilməmə nöqtəsi (ing: Point of no return)
  20. Mərkəzi dönüş nöqtəsi
  21. 2-ci fokus nöqtəsi (ölüm nöqtəsi. Bu “nöqtələr” eyni olmaya da bilər.)
  22. Maneə
  23. Sirr
  24. Qarmaq (ing: Hook. Bu ümumi anlayışdır - tamaşaçının diqqətini saxlamaq üçün lazım olan nəsnədir. “Maneə”, “Sirr”, “Təhlükə” və “Yeni informasiya (Açılış)” birlikdə “Qarmağ”ı yaradırlar. Bəzi müəlliflər “Dramatik ironiya”nı da “Qarmağ”a aid edirlər.)
  25. Təcililik effekti (ing: Ticking clock)
  26. Etik seçim (dilemma olaraq görünə də bilər, kontekstdən də anlaşıla bilər)
  27. Məkan (əgər vacibdirsə)
  28. Zaman (əgər vacibdirsə)
  29. Filmin dünyası (ing: Setting. Birbaşa da deyilə bilər, kontekstdən də anlaşıla bilər.)
  30. Hədəf auditoriyası (kontekstdən anlaşılmalıdır)
  31. Janr (kontekstdən də anlaşılır, birbaşa da deyilə bilir. Misal, “Film, ... mistik trillerdir.”)
  32. Əsas dramatik sual.
  33. High Concept

 

Bu elementləri loqlaynda təqdim etməkdə məqsəd dinləyicidə (oxucuda) “Sonra nə baş verəcək?” sualını yaratmaqdır və əlbəttə ki, sonra baş verəcəkləri bilmək istəsə, ssenarini oxumalı olacaq.

Loqlaynda təbii ki, bu elementlərin hamısını verməyə ehtiyac yoxdur. 

 

Loqlaynda olması vacib olan elementlər bunlardır:

  1. Qəhrəman və təsviri
  2. Təhrikedici hadisə
  3. Məqsəd
  4. Qoyuluş (itirəcəyi nəsnə)
  5. Antaqonist və təsviri
  6. Maneə və ya konflit
  7. İroniya
  8. Dramatik sual
  9. Janr

 

Bir neçə uğurlu nümunələrə baxaq.

 

Nümunə-2: Girov (Taken, 2008)

Ssenaristlər: Luc Besson & Robert Mark Kamen

Təqaüddə olan MKİ (mərkəzi kəşfiyyat idarəsi) agenti Parisə səyahət edərkən qaçırılan qızını 96 saat ərzində tapmalıdır, yoxsa onu bir daha görməyəcək.

Loqlaynda olan elementlər:

  1. Qəhrəman və təsviri – təqaüddə olan MKİ agenti
  2. Təhrikedici hadisə - qızının qaçırılması
  3. Məqsəd – qızını xilas etmək
  4. Maneə - məlumatsızlıq (qızının kimlər tərəfindən qaçırıldığını bilməməsi)
  5. Antaqonist – konkret təqdim edilməsə də, onların olduğunu bilirik.
  6. Qoyuluş (itirəcəyi nəsnə) – qızının həyatı
  7. Təcililik – 96 saat
  8. Məkan – Paris (Loqlaynda Paris şəhəri ona görə göstərilir ki, qəhrəmanın evindən uzaq (ABŞ-ın hər hansı şəhərindən), fərqli qayda-qanunların olduğu, köməyin olmadığı bir məkanda hərəkət edəcəyini oxucu bilsin)
  9. İroniya – MKİ agentinin qızının qaçırılması.
  10. Dramatik sual – Kişi qızını xilas edə biləcəkmi?
  11. Janr – Döyüş (action)

Qeyd: “MKİ agenti” olması qəhrəmanın “üstünlüyü”dür.

Qeyd-2: “xilas” məqsədli filmlərdə təhrikedici hadisə, məqsəd və qoyuluş bir-biri ilə əlaqəlidir. Təhrikedici hadisə məqsədi yaradır və özü də qoyuluşa çevrilir.

 

Başqa bir nümunəyə baxaq.

 

Nümunə-3: Evdə tək (Home Alone, 1990)

Ssenarist: John Hughes

Milad tətili zamanı Parisə səfər edən ailəsi tərəfindən təsadüfən unudularaq evdə tək qoyulan səkkiz yaşlı xatakar uşaq evini bir cüt qarətçidən müdafiə etməyə qərar verir.

Loqlaynda olan elementlər:

  1. Qəhrəman və təsviri – səkkiz yaşlı xatakar uşaq
  2. Problem – uşağın ailəsi tərəfindən unudularaq evdə tək qalması
  3. Təhrikedici hadisə - qarətçilərin bu evi qarət etməyə qərar vermələri
  4. Məqsəd – evini qarətçilərdən qorumaq
  5. Maneə – uşaq və müdafiəsiz olması
  6. Antaqonist – iki qarətçi
  7. Qoyuluş (itirəcəyi nəsnə) – Ev. (əlbəttə ki, daha böyük “qoyuluş” uşağın həyatıdır)
  8. Zaman – Milad ərəfəsi. (Loqlaynda Paris şəhəri ona görə göstərilir ki, Milad ərəfəsində Parisdən evə (ABŞ-ın hər hansı şəhərinə) qayıtmaq xeyli zaman alacaq)
  9. İroniya – Valideynlər övladını evdə unudurlar; müdafiəyə ehtiyacı olan uşaq evin müdafiəçisinə çevrilir.
  10. Dramatik sual – Uşaq evini qarətçilərdən qoruya biləcəkmi?
  11. Janr – Komediya, ailə

Qeyd: “xatakar” xüsusiyyət filmdə eyni zamanda həm çatışmazlıq, həm də üstünlük kimi təqdim edilib. Uşağın xatakar olmasını bütün ailə üzvləri çatışmazlıq kimi qəbul etdikləri halda, bu xüsusiyyət oğrularla mübarizədə üstünlük olaraq göstərilib.

 

Başqa bir nümunəyə baxaq. Bu dəfə yerli film nümunəsinə baxaq.

 

Nümunə-4: Qırmızı bağ (2016)

Ssenarist: Mirbala Səlimli

Axirətə inanmayan və nəsli ilə öyünən müəllim axirətdə olmasına baxmayaraq, hələ də çox sevdiyi, sağlığında kimsəsiz uşağa analıq edən yoldaşına qovuşmaq istəyir.

Loqlaynda olan elementlər:

  1. Qəhrəman və təsviri - axirətə inanmayan və nəsli ilə öyünən müəllim
  2. Problem – yoldaşının vəfat etməsi
  3. Məqsəd - yoldaşına qovuşmaq istəyir.
  4. Maneə - inamsızlığı və xarakterik çatışmazlığı (yoldaşının təsviri - “kimsəsiz uşağa analıq edən” onun axirətdə cənnətdə olacağına işarə edir. Qəhrəman isə inamsızlıq və xarakterik çatışmazlıqla ora iddia edə bilməz)
  5. Antaqonist – özüdür. (Məqsədinə çatmağa mane olan yeganə şəxs özüdür.)
  6. İroniya - axirətə inanmayan şəxs axirətdə olan yoldaşına qovuşmaq istəyir; nəsli ilə öyünən şəxs kimsəsiz uşağa analıq edən şəxslə axirətdə bir yerdə yaşamağa iddialıdır.
  7. Dramatik sual - Kişi yoldaşına qovuşa biləcəkmi?
  8. Janr – Fəlsəfi dram

Qeyd: yoldaşını “çox sevməsi” təhrikedici hadisə ola bilmir. Qəhrəmanın daxili motivasiyası rahatlıq tapmaqdır.

Qeyd-2: Filmdə təhrikedici hadisə yoxdur. Düzdür, bu fikirlə mübahisə də etmək olar. Çünki kişi daima yoldaşını düşünüb, qəbrini ziyarət edib. Amma nəzərə alaq ki, qadın bir neçə il əvvəl dünyasını dəyişib. Kişi isə bu müddət ərzində onsuz yaşamağa çalışıb. Amma artıq onsuz bu həyatı istəmir.

 

Gəlin bu loqlayna geniş formatda baxaq. Bu cür – geniş loqlayn yalnız “pitç” (təqdimat) zamanı deyilə bilər.

 

Loqlayn 2: Film, vəfat etmiş yoldaşına qovuşmaq istəyən, lakin axirətə inanmayan müəllim haqqındadır. Nəsli ilə öyünən müəllim çox sevdiyi, sağlığında kimsəsiz uşağa analıq edən yoldaşını axtarmaq üçün ölümdən sonrakı həyata yola düşməzdən əvvəl həmin həyatın olduğuna inanmalı və onu yoldaşına qovuşdurmaq bacarığı olan kimsəsiz uşağı itirməmiş sahib olduğuna dəyər verməli olduğunu anlamalıdır.

 

Yuxarıda qeyd edilən elementlərə əlavə olaraq:

  1. Müttəfiq – kimsəsiz uşaq
  2. Müttəfiqin üstünlüyü – qəhrəmanı məqsədinə çatdırmaq bacarığının olması
  3. İroniya – nəsli ilə öyünən şəxs kimsəsiz uşağa atalıq etməlidir; müəllim anlamalıdır (öyrənməlidir)
  4. Anlama-1 – müəllim ölümdən sonrakı həyata yola düşməzdən əvvəl həmin həyatın olduğuna inanmalıdır
  5. Anlama-2 – sahib olduğuna dəyər verməli olduğunu anlamalıdır (burada qəhrəmanın transformasiyası görünür. Nəsli ilə öyünən birindən sahib olduğuna (kimsəsiz uşağa) dəyər verən birinə çevriləcəyi təqdim edilir)
  6. 2-ci focus nöqtəsi (ölüm nöqtəsi) – kimsəsiz uşağı itirmə ehtimalnın olması
  7. Dönüş nöqtəsi – Qəhrəmanın ölümdən sonrakı həyata yola düşməsi (intihar etməsi).
  8. Mövzu – Dəyər

Qeyd: “Qəhrəmanın ölümdən sonrakı həyata yola düşməsi” filmdə mərkəzi dönüş nöqtəsinə yaxınlaşmanı göstərir. Lakin loqlaynda bu ifadə 2-ci akta keçidi bildirir (yəni 1-ci dönüş nöqtəsini)

Əslində hekayənizi tam anlayacaq və heç bir sual qalmayacaq qədər məlumatı loqlayna əlavə etməyin. Bu cür loqlaynı prodüserə hekayə haqda daha ətraflı məlumat vermək məqsədilə istifadə edə bilərsiniz.

 

Filmdə bir deyil, bir neçə əsas personaj olarsa və yaxud qəhrəman qrup olaraq təqdim edilərsə, loqlayn necə olmalıdır?

Qəhrəman hekayənin mərkəzi xarakteri olub, müəllifin fikrini tamaşaçıya çatdırmaq üçün istifadə etdiyi bir alətdir. Müəllif onun vasitəsilə sözünü çatdırır.

Müəllifin çatdırmaq istədiyi fikirdən asılı olaraq qəhrəman bir, iki və ya qrup şəklində ola bilər.

İstisna hallar xaric, demək olar ki, həmişə bir neçə qəhrəmanın olduğu filmlərdə qəhrəmanlardan biri bir addım önə çıxır. Yəni, hər bir hekayə mütləq şəkildə bir qəhrəmanın hekayəsi olur.

Buna baxmayaraq, bu cür filmlərdə loqlayn hər iki variantda təqdim edilə bilər.

 

Nümunə-5: Öldürücü silah (Lethal Weapon, 1987)

Ssenarist: Shane Black

Variant 1. (imdb): Bir-birinin tamamilə əksi olan yenicə ortaq olmuş iki polis qaçaqmalçı dəstəsini tutmaq üçün öz fərqliliklərini kənara qoymalıdır.

Variant 2. Yaşlı və təmkinli polis, yoldaşının ölümündən sonra intihara meylli olan yeni gənc və dəlisov tərəfdaşı ilə birgə intihar kimi görünən qətl işini araşdırır.

Loqlaynda (V-2) olan elementlər:

  1. Qəhrəman və təsviri – Yaşlı və təmkinli polis
  2. Problem – İntihar hadisəsi
  3. Təhrik edici hadisə - intiharın qurma olmasının öyrənilməsi (əslində qətl baş verib)
  4. Məqsəd – qətl işini açmaq
  5. Müttəfiq və təsviri - intihara meylli olan, gənc və dəlisov polis
  6. Maneə – tərəf müqabili ilə olan fərqlilikləri
  7. Antaqonist – təqdim edilməyib, lakin qətli kiminsə törətdiyi bilinir.
  8. Qəhrəman və müttəfiqi təsvir edən sifətlərin konflikt yaratması - Yaşlı və təmkinli & gənc və dəlisov
  9. İroniya – Bir-birinin əksi olan insanların birgə işləməsi; intihara meylli polis intihar işini araşdırır.
  10. Dramatik sual – Polis qətlin üstünü aça biləcəkmi?
  11. Janr – Detektiv, döyüş (action)

Təqdim edilən hər iki loqlayn qəbul edilən olsa da, loqlaynın vacib xüsusiyyətləri unudulmamalıdır. Fərqlilikləri olan iki insanın bir yerdə işləməsi hekayəni anlamaq baxımından kifayət eləmir.

 

Loqlaynla bağlı miflər

Loqlaynla bağlı bir neçə mif mövcuddur. Gəlin onları nəzərdən keçirək.

 

Mif-1: loqlayn maksimum 25 sözdən ibarət olmalı və heç bir halda bu limiti aşmamalıdır.

Bu sadəcə mifdir. Əmin ola bilərsiniz, kimsə iddia edə bilməz ki, onun loqlaynında sözlərin sayı 27 ya 28 olduğuna görə loqlaynı qəbul edilmədi.

Heç bir prodüser ona təqdim edilən loqlaynın sözlərini saymır ki, görüm loqlaynda neçə söz var.

Sadəcə olaraq, sözə qoyulan məhdudiyyət ona görədir ki, loqlaynda istifadəsi zəruri olmayan heç bir söz istifadə olunmasın. 25 söz isə hər hansı ideyanı təqdim etmək və oxucunu maraqlandırmaq üçün kifayət qədərdir.

Gəlin sözlərinin sayı 25-dən çox olan bir loqlayna baxaq.

 

Nümunə-6: Karib dənizinin quldurları: Qara mirvarinin lənəti (Pirates of the Caribbean: the Curse of the Black Pearl, 2003)

Ssenaristlər: Ted Elliott, Terry Rossio, Stuart Beattie, Jay Wolpert.

Orijinal: Blacksmith Will Turner teams up with eccentric pirate "Captain" Jack Sparrow to save his love, the governor's daughter, from Jack's former pirate allies, who are now undead. (27 söz)

Dəmirçi Uill Törner ekssentrik pirat “Kapitan” Cek Sərçə ilə birləşərək qubernatorun qızı olan sevgilisini Cekin ölümsüz olan keçmiş pirat müttəfiqlərindən xilas etməyə çalışır.

Loqlaynda olan elementlər:

  1. Qəhrəman və təsviri – dəmirçi Uill Törner.
  2. Məqsədi – sevgilisini xilas etmək
  3. Təhrikedici hadisə - sevgilisinin piratlar tərəfindən ələ keçirilməsi
  4. Qoyuluş – sevgilisinin həyatı
  5. Sevgilisinin təsviri – qubernatorun qızı
  6. Müttəfiq-1 – Cek
  7. Müttəfiq-1-in təsviri – ekssentrik (normal olmayan, qəribə davranış və hərəkətlər); pirat; “Kapitan”; “Sərçə” ləqəbli (“Sərçə” - Cekin təhlükəli vəziyyət görəndə tüpürüb dabana qaçan biri olduğunu təqdim edir.)
  8. Müttəfiq-2 və təsviri – qubernator (bu həm də onun təsvirdir)
  9. Antaqonist və təsviri – ölümsüz (əslində “undead” – ölümsüz demək deyil, ölüb, lakin həyatda qalıb və bir daha ölməyəcək mənasını verir) piratlar
  10. Konflikt - Uill Törner – Piratlar; Cek – Qubernator; Cek – Piratlar (“Niyə keçmiş müttəfiq?” – sualından yaranır)
  11. İroniya – ölümlü insan ölümsüzlərə qarşı; pirat qubernatorun qızını xilas etməyə çalışır; “kapitan” pirat
  12. Dramatik sual – Uill Törner sevgilisini xilas edə biləcəkmi?
  13. Janr – Döyüş, macəra, fentezi

 

Loqlaynda 25-dən çox söz istifadə edilsə də, artıq olan heç bir söz yoxdur.

Qeyd: əslində loqlaynda adam adı istifadə edilmir. Amma bu loqlaynda 2 dəfə Cekin, 1 dəfə isə Uill Törnerin adı istifadə edilib. Niyə? Çünki Cekin adı istifadə edilməzsə, “kapitan”, “sərçə” ləqəbi, keçmş pirat müttəfiqlər loqlaynda anlaşılmazlıq yaradacaq. Loqlaynın anlaşılan olması üçün isə əlavə sözlərə ehtiyac yaranacaq ki, bu da hazırkı loqlayndan daha çox söz tələb edir.

Uill Törnerin adı tam olaraq ona görə istifadə edilib ki, o, qəhrəmandır. Əgər sadəcə dəmirçi istifadə edilsəydi, qəhrəman, adı iki dəfə çəkilən Cekin yanında kölgədə qalacaqdı və oxucu bunun kimin hekayəsi olduğunu itirə bilərdi.

 

Mif-2: loqlayn süjeti danışmalı deyil, satmalıdır.

Bu fikirlə bağlı xeyli mübahisələr var. Bəlkə də mənim bunu mif olaraq yazmağım doğru deyil. Təbii ki, bu fikir mənim yanaşmamı təqdim edir, razılaşmaya bilərsiz.

Loqlaynın vəzifəsi hekayəni satmaq deyil. Əlbəttə, kimsə loqlayn vasitəsilə ssenarini satıbsa, nə gözəl. Amma bu loqlaynın vəzifəsini dəyişmir. Loqlaynın vəzifəsi – potensial müştərinin, prodüserin, rejissorun və s. ssenarini oxumasına nail olmaqdır.

Hekayəni satmaq isə “High Concept”in vəzifəsidir. Ola bilər ki, loqlayn vasitəsilə ssenarisi oxunmadan satış edən şəxs olsun, baxmayaraq ki, bu qeyri mümkündür. Hətta olubsa belə, onun təqdim etdiyi loqlaynda “High Concept” olub. Və müəllifin heç özünün bundan xəbəri də olmayıb. High Concept - kommersiya potensialı olan orijinal ideyadır. High Concept - ayrı yaradılsa da, ayrı təqdim edilə bilsə də, çox zaman loqlaynın içində olur, loqlaynda kontekstdən oxunur.

 

Sonda, loqlaynın strukturunu ifadə edək:

Məqsədinə çatmağa maneçilik törədən xarakterik çatışmazlığı olan qəhrəman onun həyatını dəyişəcək (rəqib tərəfindən və ya təsadüfi) təhrikedici hadisəyə reaksiya göstərmək məcburiyyətində qalır və reaksiya zamanı müttəfiqin köməyi ilə öz çatışmazlığının öhdəsindən gələrək məqsədinə çatır və ya çatmır.

 

Praktika

İndi isə gəlin texniki olaraq loqlayn düzəldək.

Baxmayaraq ki, ssenari yazılmayıb biz indi prodüserə təqdim edə biləcəyimiz bir loqlayn düzəldəcəyik. İstənilən halda bu loqlayn hələ hekayə olmadığından bizim üçün sadəcə mayak rolunu oynayacaq. Lakin hətta mayak vəzifəsini yerinə yetirən loqlaynı yazarkən belə, hekayə canlanmalı və ssenarist təxmini də olsa hekayəni görməlidir. Əlbəttə ki, ssenari yazılandan sonra loqlayn mütləq şəkildə dəyişəcək.

 

Nümunə 1.

Loqlaynı yazmaq üçün istənilən nəsnədən başlamaq olar. Qəhrəmanın etik çatışmazlığından tutmuş, sirrinə qədər. Amma yaxşı olar ki, ya təhrikedici hadisədən başlanılsın, ya da ki, qəhrəman və məqsəddən. Qəhrəman tək yaradılıb ona məqsəd təyin edilmir. O, məqsədilə birgə doğulur.

Təklif edirəm ki, loqlayn xilas məqsədli olsun. Çünki bu zaman qoyuluş avtomatik olaraq yaranacaq.

Test-1: Kimsə kimisə xilas etmək istəyir.

 

Məqsəd avtomatik qoyuluşu yaradır. Xilas edə bilməsə, onu itirəcək.

Götürək ki, baba nəvəsini xilas etmək istəyir.

Test-2: Baba nəvəsini xilas etmək istəyir.

 

Nədən? Kimdən xilas etmək istəyir?

Gəlin filmin janrını dram olaraq təyin edək və götürək ki, babanın nəvəsi ağır xəstədir. Baba nəvəsini ölümdən xilas eləmək istəyir. Bu zaman avtomatik olaraq emosional cəlbedicilik yaranır.

Test-3: Baba ağır xəstə olan nəvəsini ölümdən xilas etmək istəyir.

 

Bəs bu xəstəliyin müalicəsi yoxdurmu? Qəbul edək ki, var, amma həkimlər müalicə etmir.

Test-4: Baba həkimlərin müalicə etmək istəmədiyi ağır xəstə olan nəvəsini ölümdən xilas etməyə çalışır.

 

Xəstə uşağı niyə həkimlə müalicə etmək istəmir?

Götürək ki, hadisə Şimali Koreyada baş verir (filmin dünyasından çıxış edirik) və baba hökumətə müxalif olduğundan həkimlər onun nəvəsini müalicə etmək istəmirlər.

Test-5: Şimali Koreyada hökumətə müxalif olan yaşlı bir kişi həkimlərin müalicə etməkdən imtina etdikləri nəvəsini xilas etmək qərarına gəlir.

 

Bəs hökümətə qarşı olan bu şəxsi niyə topun qabağına qoymayıblar? Götürək ki, baba vaxtilə, cavanlığında hazırkı prezidentin atası ilə dost olub və bir dəfə həyatını xilas edib. Sonradan baş verən haqsızlıqlara susmayıb və hökümətə müxalif olub. Keçmiş prezident də ona həyatını borclu olduğundan onu öldürməyib, ucqar bir kəndə sürgün edib.

Baba yeganə nəvəsi ilə ucqar bir kənddə tərki-dünya olaraq yaşayır. Nəvəsi qızdır və bu qız onun nəslinin yeganə nümayəndəsidir. Heç kim onlara heç nə satmır, heç kim onlardan heç nə almır, heç kim onlarla danışmır, salam belə vermir. Tibbi yardımdan söhbət belə gedə bilməz. (ssenarini yazmasaq belə, loqlayn üçün filmin dünyasının qaydalarını bilmək lazımdır. Beyin fırtınası edib kişinin keçmişini, hazırki vəziyyətini, filmin dünyasını yaradırıq.)

Test-6: Şimali Koreyada hakimiyyətə müxalif olması səbəbindən ucqar bir kəndə sürgün edilən yaşlı bir kişi həkimlərin müalicə etmədiyi ağır xəstə olan yeganə nəvəsini özü müalicə etmək qərarına gəlir.

 

Ağır xəstə olan birini xilas etmək həkim olmadan mümkünsüz kimi görünür. O zaman gəlin qəhrəmana bu məqsədi mümkün edə biləcək “üstünlük” verək. Əvvəlcə, düşünək ki, bu qoca kimdir? Hansı peşənin sahibidir?

Götürək ki, qız öləcək. Kişi həkim olmadığından onu sağalda bilmir. Ancaq necəsə ölümsüzlüyün sirrini tapa bilər (alternativ həll axtarıram) Bunu tapa bilən şəxs də yəqin ki, yaxşı bir kimyaçıdır. Müxtəlif elementləri qarışdırıb qeyri-adi məhlullar alır. Demək, ölümsüzlük iksirini də tapa bilər (sondan əvvələ doğru gəlib lazım olan üstünlüyü tapıram)

Götürək ki, kişi kimya üzrə professordur, nobel mükafatçısıdır, fenomenal biliyə sahibdir. Qızını sağalda bilməz, amma ölümsüzlüyün sirrini tapa bilər. O zaman loqlaynın son vəziyyəti belə olacaq.

 

Loqlayn (nümunə-1): Şimali Koreyada hakimiyyətə müxalif olması səbəbindən ucqar bir kəndə sürgün edilən kimya üzrə nobel mükafatçısı, yaşlı professor həkimlərin müalicə etmədiyi ağır xəstə olan yeganə nəvəsini ölümdən xilas etmək üçün ölümsüzlüyün sirrini tapmağa qərar verir.

Numune-1

Loqlaynda olan elementlər:

  1. Qəhrəman və təsviri (peşəsi) – hakimiyyətə müxalif olan kimya üzrə nobel mükafatçısı, professor
  2. Məqsədi – nəvəsini xilas etmək
  3. Təhrik edici hadisə - həkimlərin nəvəsini müalicə etməkdən imtina etməsi
  4. Qoyuluş – yeganə nəvəsinin həyatı
  5. Maneə - mümkünsüz olan bir şeyi (ölümsüzlüyü) əldə etmək
  6. Antaqonist – həkimlər (əslində “Məkan” tək həkimlərin deyil, bütün ölkənin ona qarşı antaqonist olduğunu göstərir)
  7. Məkan - Şimali Koreya (bu eyni zamanda filmin dünyasını, qayda və qanunlarını təyin edir)
  8. İroniya – ölümlü insan ölümsüzlüyün sirrini axtarır
  9. Dramatik sual – Baba nəvəsini ölümdən xilas edə biləcəkmi?
  10. Etik seçim – Baba necə seçim edəcək?
  11. Janr – Dram

Qeyd: loqlaynda dramatik sualdan əlavə başqa bir sual da görünür. Baba necə seçim edəcək? Bu, etik seçimdir. Etik seçim – iki dəyər sistemi arasında seçim etməkdir.

Baba çox güman ölümsüzlüyün sirrini tapacaq və qalacaq dilemma qarşısında. Çünki o, bu biliyi istifadə edib qızını xilas etsə, hökumət nümayəndələri bunu şübhəsiz öyrənəcəklər və hakimiyyətdə əbədi qalaraq millətə daimi zülm edəcəklər. Beləliklə, baba iki dəyər arasında qalacaq: yeganə nəvəsinin (nəslinin sonuncu nümayəndəsinin) həyatı milllətinin firavan həyatına qarşı.

 

Nümunə-2

Gəlin daha bir loqlayn düzəldək. Bu dəfə isə başqa bir janr seçək. Olsun, qorxu-tiriller.

Məqsədi isə olduğu kimi saxlayaq. Yenə də xilas məqsədli olsun: kimsə kimisə xilas etmək istəyir.

Test-1: ana qızını xilas etmək istəyir.

 

Anası qızını kimdən, nədən xilas etmək istəyir?

Janrın qorxu-triller olduğunu nəzərə alaraq elə bir şey düşünək ki, janrının təəssüratını çatdıra bilsin.

Götürək ki, qız yuxuda ölümə məhkum edilib (beyin fırtınası edib normal şəraitdə olmayacaq bir variant seçirəm)

Test-2: ana yuxuda ölümə məhkum edilmiş qızını xilas etmək istəyir.

 

Qız niyə ölümə məhkum edilib? Kim tərəfindən ölümə məhkum edilib? Yuxuda, yəni necə?

Gəlin, bir az düşünək, bu günə qədər nələrin baş verdiyinə nəzər salaq.

Götürək ki, qadın 14-15 yaşlarında olan yeganə qızını cəmiyyətdən, insanlardan təcrid etməklə saxlayır. Özü o qədər yalan, xəyanətlə üzləşib, o qədər travmaları olub ki, istəmir qızı elə bir həyat yaşasın. Ən azı yetkinlik yaşına çatana qədər.

Qızın dostları, tanışları yoxdur. Amma ünsiyyətə meylli olan qız daima ünsiyyət qurmaq üçün variantlar axtarır.

Günlərin bir günü qız yuxu dünyasına aid kitab tapır. İnsan o dünyaya daxil olaraq orada ölmüş insanlardan ibarət bir dünya qura bilər. Ölmüş insanları yuxuda qurduğu dünyaya əlavə edə bilər, onlarla orada dost ola və birgə yaşaya bilərlər. Sanki dünyadan köçmüş insanların olduğu sosial şəbəkə (beyin fırtınasının nəticəsidir) Həyatda olan insan bu şəbəkəyə yalnız yuxuda qoşula bilər. Yəni, belə şeyi yuxuda görərsiz. Amma o dünyanın da özünə məxsus çox sərt qaydaları var...

Beləliklə, qız bir gün yuxu dünyasının qaydalarını pozur. Onu yuxuda həbs edirlər və edam edilməsi haqqında qərar çıxarırlar.

Test-3: ana ölülər dünyasının qaydalarını pozduğuna görə yuxuda ölümə məhkum edilmiş qızını xilas etmək istəyir.

 

Bunlar harada baş verir?

Götürək ki, qızın başına gələnlər onların hansısa bir evə gəlməsindən sonra baş verib. Kənd evi olsun. Və bura təsadüfən gəlməyiblər. Qadının anası burada yaşayırmış və bu yaxınlarda, özü də müəmmalı şəkildə dünyasını dəyişib. Və qızın tapdığı “Yuxu – digər dünyaların açarı kimi” kitabı da elə nənəsinin kitabı imiş. (beyin fırtınası edib hadisələrin harada baş verdiyini müəyyən edir, qızın necə bu vəziyyətə gəldiyini tapıram)

Test-4: Anasının müəmmalı vəfatından sonra kənd evinə köçən qadın ölülər dünyasının qaydalarını pozduğuna görə yuxuda ölümə məhkum edilmiş qızını xilas etmək istəyir.

 

Amerikalı ssenarist, prodüser, “How to Write High Structure, High Concept Movies” kitabının müəllifi Rob Tobinə görə logline üçün lazım olanlar aşağıdakılardır:

  1. Qəhrəman
  2. Çatışmazlıq
  3. Rəqib (antaqonist)
  4. Həyatı dəyişən hadisə (təhrik edici hadisə)
  5. Müttəfiq
  6. Mübarizə (döyüş)
  7. Müttəfiqin köməyi

 

Tobinə görə loqlaynda qəhrəman, onun çatışmazlığı, rəqiblə yanaşı, müttəfiq də mütləq olmalıdır.

Müttəfiq kim ola bilər?

O biri dünyada olmuş, qadına astral dünya ilə bağlı məlumat verə biləcək şəxs. Olsun keçmiş narkoman.

Test-5: anasının müəmmalı vəfatından sonra kənd evinə köçən qadın ölülər dünyasının qaydalarını pozduğuna görə yuxuda ölümə məhkum edilmiş qızını xilas etmək üçün keçmiş narkomana müraciət edir.

 

Bəs qəhrəman kimdir? Qadının peşəsi nədir?

Öncə deyim ki, süjet üçün ironiya çox önəmlidir. (Məqsəddən geri qayıdıram.) Qəhrəman nə istəyir? Övladını xilas etmək istəyir. Kimin öz övladını xilas etməsi ironiya yarada bilər. Başqasının övladını öldürən şəxsin. Amma bizim film cinayət haqqında deyil. O zaman uşaqların öldürməsini qanunla necə tənzimləmək olar. Elə bir iş, peşə varmı? Bəli. Abort üzrə ixtisaslaşmış ginekoloq.

Test-6: anasının müəmmalı vəfatından sonra kənd evinə köçən abort üzrə ixtisaslaşmış ginekoloq ölülər dünyasının qaydalarını pozduğuna görə yuxuda ölümə məhkum edilmiş qızını xilas etmək üçün keçmiş narkomana müraciət edir.

 

Qaldı qəhrəmanın çatışmazlığı və rəqib.

Çatışmazlıq olaraq, özünü düşünən, hər kəsi özünə qurban verə biləcək biri, olsun, eqoist.

Qeyd: çatışmazlıq təsadüfən və ya təxmini seçilə bilməz. Çatışmazlıq – keçmişdə baş vermiş travma və ya hadisələr səbəbindən “yanlış inanc” olaraq yaranır. Lakin ssenarist bunu texniki olaraq da edə bilər – qəhrəmana məqsədinə çatmaq üçün lazım olan xarakterik xüsusiyyətin əksini verməklə. İstənilən halda, bu sonradan “yanlış inanc”a bağlanmalıdır. Bizim nümunədə 2-ci variant istifadə edilir. Qadın qızını xilas etmək üçün özünü qurban verməlidir, eqosit altruistə çevrilməlidir.

Rəqib olaraq isə istənilən şəxsi götürə bilərik. Onsuz da o sonradan qadının peşəsində etdiyi yanlışlıqlarla əlaqəli hekayəyə daxil olacaq. Rəqib də olsun, əkiz qardaşlar.

O zaman loqlaynın son vəziyyəti belə olacaq.

 

Loqlayn (nümunə-2): Anasının müəmmalı vəfatından sonra kənd evinə köçən abort üzrə ixtisaslaşmış eqoist ginekoloq ölülər dünyasının qaydalarını pozduğuna görə yuxuda əkiz qardaşlar tərəfindən ölümə məhkum edilmiş qızını xilas etmək üçün keçmiş narkomana müraciət edir.

Numune-2

Loqlaynda olan elementlər:

  1. Qəhrəman və təsviri (peşəsi) – abort üzrə ixtisaslaşmış ginekoloq
  2. Qəhrəmanın çatışmazlığı - eqoist
  3. Məqsəd – qızını ölümdən qurtarmaq
  4. Təhrikedici hadisə - yuxuda ölümə məhkum edilməsi barədə məlumat
  5. Qoyuluş (itirəcəyi nəsnə) – qızının həyatı
  6. Maneə - hadisələrin qızının yuxusunda baş verməsi (sükanın öz əlində olmaması)
  7. Sirr – anasının müəmmalı ölümü və qızının yuxusunda baş verənlər
  8. Antaqonist və təsviri – əkiz qardaşlar
  9. Məkan – kənd evi
  10. İroniya – başqalarının övladını öldürən şəxs öz övladını ölümdən xilas etmək istəyir.
  11. Dramatik sual – Qadın qızını xilas edə biləcəkmi?
  12. Janr – qorxu, triller

 

Ümid edirəm, numunələr sizə loqlayn yazmaqda çox kömək olacaq. Və sonda...

 

Loqlayn yazmağı öyrənmək üçün nə etmək lazımdır?

Loqlayn yaza bilməyi öyrənməyin bir neçə mərhələsi var.

  1. Loqlaynda olan elementləri, onların hekayədə hansı funksiyaları yerinə yetirdiklərini öyrənin.
  2. Çoxlu loqlaynlar oxuyun və onları loqlaynda olan elementlərə əsasən analiz edin. Yaxşı olar ki, onları bir jurnala yazasınız.
  3. Dəfələrlə baxdığınız məşhur filmlərin loqlaynlarını yazın. Bu zaman loqlaynın vacib xüsusiyyətlərinə və vacib elementlərə diqqət edin. Sonra imdb-də həmin filmlərin loqlaynlarını oxuyun və yazdıqlarınızla müqayisə edin.
  4. Səhvləri olan, yarımçıq, tam işlənməmiş loqlaynlar oxuyun və onları düzəltməyə çalışın. Oxuduğunuz loqlayn çox zəifdirsə, heç bir informasiya yoxdursa, onda olan bir və ya bir neçə elementi götürün (qəhrəman, təhrikedici hadisə və s.) və ona elementlər əlavə edərək düzəldin. Bu zaman əlbəttə ki, hekayəni də düşünür və sıfırdan hekayə yaradırsınız. Düzəlməyə ehtiyacı olan loqlaynları isə “blacklist”dən tapa bilərsiniz.

“Blacklist” – studiya rəhbərləri və prodüser şirkətlərinin sorğuları əsasında ən çox bəyənilmiş, lakin hansısa səbəbdən istehsalata buraxılmamış ssenarilərin siyahısıdır. “Blacklist” hər il dekabr ayında müəyyənləşir.

Sonda loqlaynın 5 vacib xüsusiyyətini və loqlaynda olan vacib elemnetləri heç bir halda unutmamağı məsləhət görürəm.

Yaxşı loqlaynlar!!!