
Dialoq nədir?
Dialoq - iki və daha çox şəxs arasında baş verən, real danışığa bənzəyən (real danışıq deyil) və hər hansı informasiyanı (süjeti inkişaf etdirmək, personajın xarakterini açmaq və s.) çatdırmaq üçün xüsusi olaraq yığılmış ifadələr toplusudur.
Dialoq işlənirsə, demək ki, onun işlənməsi MÜTLƏQDİR.
Dialoq yazmazdan əvvəl onun hansı funksiyanı yerinə yetirəcəyini müəyyənləşdirmək lazımdır (bəzən bunu dialoqu yazdıqdan sonra edirlər)
Dialoqun yerinə yetirdiyi funksiyalar aşağıdakılardır:
- Süjeti inkişaf etdirir (zəruri fakt və məlumatları təqdim edir)
- Konflikti inkişaf etdirir (səhnəyə xidmət edir)
- Personajın məqsədinə xidmət edir
- Personajın davranışının səbəbini açır (hərəkətlərinə şərh verir)
- Personajın xarakterini açır
- Personajın nitq xüsusiyyətini təqdim edir (özünəməxsusluq, təbiilik)
- Personajın emosiyasını təqdim edir (hisslərini çatdırır)
- Personajlar arasındakı qarşılıqlı münasibəti izah edir (həmçinin ünsiyyəti yaradır)
- Tamaşaçıda gərginlik yaradır (saspens)
- Tamaşaçıda maraq yaradır (qarmaq təqdim edir)
- Tamaşaçıda emosiya yaradır
- Mövzunu açır
- Sətiraltı mənası olur
- İnformasiyanı gizlətməyə xidmət edir
- Janra uyğun olur
- Üslub yaradır (bir çox mütəxəssislər dialoqda özünəməxsus bir tərz yaradıblar. Tarantino, Sorkin və s.)
Ssenari heç bir halda gözəl dialoq demək deyil. O tamamilə hərəkət üzərində qurulur.
Uğurlu səhnədə dialoq həmişə iki insanın, iki baxışın, iki dəyər sisteminin toqquşmasıdır. Yəni, bu, həmişə konfliktdir!
Konflikt dialoqlarda inkişaf etməli, personajların əsl vəziyyətini üzə çıxarmalı, daxili aləmini açıb hekayəni irəli aparmalıdır.
Hətta ən qısa dialoqun belə öz arkası olmalıdır və o tədricən inkişaf etməlidir: ekspozisiya, çətinləşmə və kulminasiya. Ən vacib informasiya dialoqun sonuna yaxın verilir...
PRAKTİKA. Dialoqun funksiyalarını nümunədə görməyiniz üçün “Sosial şəbəkə” (The Social Network) filminin açılış səhnəsinin ssenarisini oxuyub analiz edin (Sorkin hazırda ən yaxşı dialoqist hesab edilir) Səhnə bütövlükdə dialoq üzərində qurulub və dialoqun bütün funksiyalarını özündə saxlayır.
Dialoq dərsimizdən...