
Analizə keçməzdən əvvəl iki qeydi diqqətinizə çatdırım:
- Serialda iki çox vacib seriya varsa, onun birincisi pilot (1-ci) seriyadır.
- Pilot seriyaya baxmaq serial haqda fikir bildirmək üçün kifayət edir (beynəlxalq qaydalarda serial məhz pilot seriyaya əsasən analiz edilir və qiymətləndirilir. Həmçinin, serialın satışı zamanı da pilot seriya əsas rol oynayır.)
İNTRO. İntro - Hiçkokun “Şimal-qərbdən şimala” filminin açılış görüntüsü ilə “Dark” serialının introsunun sintezi kimi görünürdü. İntroda olan çərçivələr isə həbsxananın dəmir barmaqlıqlarını simvolizə edirdi.
AÇILIŞ SƏHNƏSİ. Birinci səhnə serialın ortalarından olan bir hissədir. Bu cür açılış səhnələrində demək olar ki, həmişə qəhrəmanın hər şeyi itirdiyi və yaxud düşdüyü dramatik vəziyyət təqdim edilir. Serialda isə sadəcə qəhrəman iş başında təqdim edilib. Bu səhnə daha çox serialın atmosferini təqdim etməyə və bir az da nə baş verdiyini öyrənməsi üçün tamaşaçı marağını özündə saxlamağa hesablanıb.
QƏHRƏMAN. Qəhrəmanın (Rauf) dünyasını dəyişmiş insanlara qarşı laqeyd və hissiyyatsız yanaşması, onları sadəcə işinə aid bir əşya kimi görməsi – qəhrəmanın etik çatışmazlığıdır. Bu çatışmazlıq obrazın transformasiyası üçün təqdim edilən bünövrədir. Qəhrəman serial boyu metamorfoz keçirəcək və sonda dəyişərək qətlə yetirilənləri insan olaraq qəbul edəcək, onlara qarşı hissiyyatlı olan, onlar üçün kədərlənən birinə çevriləcək (bu, qəhrəmanın ehtiyacıdır, onun dəyişməsi üçün lazım olan nəsnədir)
Qəhrəmanın çatışmazlığı ilə yanaşı, sevdiyi şəxsin (Rəna) olması və anasına qarşı qayğıkeşliyi qəhrəmanda maraqlı ziddiyət yaradır. Qəhrəmanın iki səhnədə bir-birinə zidd olan xüsusiyyətlərlə verilməsi onu bir ölçülü olmaqdan çıxarıb həqiqi personaja (qəhrəmana) çevirir.
Qəhrəmanın yaşlı və xəstə anasına qayğı göstərməsi onu tamaşaçıya sevdirən texnikadır. (tamaşaçıda qəhrəmana simpatiya yaradır)
Seriyada qəhrəmana aid bir neçə vacib məlumat verilsə də, ona ayrılan diqqət kifayət qədər deyildi. Müəlliflər bir tərəfdən qəhrəmana çatışmazlıq verib onun necə dəyişəcəyini təqdim edir, digər tərəfdən isə onu fokusdan kənarlaşdırırlar. Seriyanın son 1/3 hissəsində qəhrəman ümumiyyətlə, yox idi.
Qəhrəman hekayənin ən vacib personajı olduğu kimi, müstəntiq də detektiv janrı üçün ən vacib personajdır. Amma serialdakı müstəntiqdə onu adi tamaşaçıdan fərqləndirən heç bir xüsusiyyət yox idi. Ümumiyyətlə, onun nə qədər peşəkar olması, cinayət işlərini hansı üstün xüsusiyyətin (qəhrəmanın üstünlüyü) hesabına açacağı təqdim edilməyib. Həmçinin, məqsədinə çatmaqda ona (özündə) nəyin mane olacağı da (psixoloji çatışmazlığı) göstərilməyib.
FİLMİN DÜNYASI VƏ İNANDIRICILIQ. Serialda dənizin sahilində meyit tapılanda biz görürük ki, polislər hadisə yerindədir və əraziyə lent çəkilib. Sonra müstəntiq gəlir və yalnız həmin gün axşam həkim müayinəsinin nəticəsi məlum olur...
Polis idarəsi səhnəsində polis mayoru Qurbangilə deyir ki, “Nurlanla bağlı bütün məlumatları baş idarəyə də göndərmişəm. Onlar da bütün rayonlara göndərəcəklər.” Deməli, həmin bu şəhər müxtəlif rayonlardan ibarətdir və hər bir rayonun öz polis bölməsi, həmçinin öz müstəntiqi var... Bütün bunlar müəllifin yaratdığı dünyanı və onun qaydalarını bizə göstərir (müəllifin yaratdığı qaydalar real həyatla üst-üstə düşməyə bilər. Analiz yalnız həmin dünyaya və qaydalara əsaslanır)
Qurbangil polisə gəldiyi günün axşamı onları yenidən bölməyə çağırırlar ki, oğlan meyiti tapılıb. Sonradan aydın olur ki, bu, Nurlanın meyitidir. Mayor deyir ki, “meyit 6 yerə bölünmüş şəkildə şəhərin müxtəlif yerlərindən tapılıb.” Fərqli rayonlar, polislər, müstəntiqlər... Bədən üzvünün tapıldığı yerdə edilən prosedur qaydaları (polislər, ekspertlər, müstəntiq, jurnalist, adamlar və s.) Üstəgəl fərqli yerlərdən tapılan 6 bədən hissəsinin bir insana məxsus olmasını təsdiqləyən DNT analizinin nəticəsi – hamısı sadəcə 1 gündə...
Müəlliflər qətllə bağlı məlumatı birinci seriyada vermək üçün özlərinin təyin elədikləri qaydaları pozurlar (əslində, bunların maliyyə çatışmazlığı səbəbindən pozulma ehtimalı da mümkündür. Büdcə yetəri qədər olmadığından hadisəni sadəcə dialoq vasitəsilə çatdırmaqla kifayətlənə bilərdilər. Lakin qayda qaydadır. Müəllif təyin etdiyi, filmdə artıq mövcud olan heç bir qaydanı əsaslandırmadan poza bilməz) Əlbəttə, Nurlanın qətlə yetirilməsi ilə bağlı məlumat bu və ya digər formada birinci seriyada verilməli idi. Çünki bu, hekayəni hərəkətə gətirən hadisədir. Lakin bu hadisəni verərkən inandırıcılıq nəzərə alınmalı idi.
Filmdə tətbiq edilmiş ssenari qaydaları əsaslandırılmadan pozularsa, hekayə inandırıcılığını itirər və əgər inandırıcılıq olmazsa, tamaşaçının filmi izləməsi üçün heç bir səbəb qalmaz.
STRUKTUR. Seriyanın son 1/3 hissəsində qəhrəman (Rauf) görünmür. Müəllif fokusu Raufdan Qurbanın ailəsinə keçirir. Nəticədə, seriyanın aparıcı bir xətti olmur. Bu səbəbdən də seriyada struktur gözə dəymir.
KONFLİKTİN İNKİŞAFI. Strukturun olmama səbəbi konfliktin inkişafına da aiddir. Seriyada aparıcı bir xətt olmadığından konfliktin inkişafı da yoxdur. Seriyanın darıxdırıcı olmasının başlıca səbəbi də məhz budur.
Əsas konflikti yaradacaq hadisə seriyanın yalnız sonunda baş verir. Bununla, gələcəkdə yaranacaq konfliktin anonsu verilir.
SÜJET XƏTLƏRİ. Birinci seriyada çoxlu süjet xətləri təqdim edilsə də, əsas xətt yox idi. Bunun əvəzinə Rauf-Rəna, Kərim-Günel, Namaz və yoldaşı, Elnur-Lalə, Vaqif-Elnarə və iki cinayət xətti var idi.
Baharın Qurbanın əlinə toxunması Qurban-Bahar xəttinəmi eyham vururdu? Aydın olmadı.
Serialda süjet xətləri yalnız ekspozisiyadan ibarət idi, inkişaf isə yox idi. Seriyada bu qədər xəttin olması tamaşaçıda fikir dağınıqlığı yaradır, xətlərdə inkişafın olmaması isə birinci seriyanı darıxdırıcı edirdi.
Raufun Rəna ilə münasibəti qəhrəmana aid olan növbəti xətdir (2-ci dərəcəli süjet xətti) Raufun yaşlı və xəstə anası bu xətdə antaqonistdir (bəlkə də əsas antaqonistdir, lakin başqa antaqonistlərin də olması mümkündür) Qəhrəmanın bir çox xarakterik xüsusiyyətlərinin açılması, həmçinin etik çatışmazlığı ilə mübarizə (ehtiyacının əldə olunması) daha çox bu xətdə təqdim ediləcək. Həmçinin, bu süjet xəttində də inkişaf yox idi.
DRAMATİK SUAL. Serialda psixoloji sual xaric mövsümün sualları qoyulub. Rauf (müstəntiq) qatili tapa biləcəkmi? (fiziki sual) Rauf Rəna ilə münasibət qura biləcəkmi? (emosional sual)
MÖVZU. Süjet xətlərindən görünür ki, mövzu kişi-qadın münasibətinə aid olacaq bir nəsnədir. Sevgi, güvən, yaxud hörmət və ya başqa bir şey. Mövzu dəqiq təqdim edilməyib.
MÖVZU-2. Serialda çox güman daha bir mövzu da işlənib. Restoranda söhbət zamanı personajlardan biri qəfildən Seyran adlı bir oğlanın təkəbbürlüyündən danışır. Sonra Qurbanın oğlunun sadəliyindən söhbət açılır . Daha sonra söhbət övladların özlərini evdə və cəmiyyətdə necə aparması ilə davam edir. Ev səhnəsində Nurlan valideynindən icazə alır, Kamran isə valideynin yanında ağzına gələni danışır. Mövzu yəqin ki, övladların özlərini necə aparması və ya tərbiyəsi ilə əlaqəlidir. Yaxud da valideyn-övlad münasibətilə bağlıdır. Bu mövzu da dəqiq təqdim edilməyib.
SƏHNƏ. Seriyada danışıq səhnələri həddindən çox idi və hamısı da informasiya çatdırmaq öhdəliyi daşıyırdı. Hətta bəzi səhnələrdə vacib bir informasiyanı vermək üçün lazım olmayan uzun dialoqlar istifadə olunmuşdu.
Çox səhnələrdə konflikt, gərginlik çatışmır və səhnələr yalnız ekspozisiya xarakteri daşıyırdı. Ekspozisiya əlbəttə ki, tamaşaçının hekayəni anlaması səbəbindən əvəzsizdir. Lakin dramatikliyi olmayan səhnələrdə ekspozisiyanın olması səhnələri darıxdırıcı edir ki, bu da tamaşaçı diqqətinin yayınması deməkdir. Eyni zamanda səhnələrdə bədii həll çatışmazlığı da gözə çarpırdı.
Vaqiflə Elnarənin təqdim edildiyi səhnə (həyətdə toydur, evdə isə Vaqif əsəbləşib) seriyaya xidmət eləmir.
DİALOQ. Serialda dialoqlar məişət üslubunda idi. Bizim real həyatda danışdığımız kimi – bir çox məna kəsb etməyən, məsələyə aid olmayan ara sözlər vardır. Filmdə dialoqlar bizim real həyatda etdiyimiz söhbətlərə bənzəsə də, əslində, elə deyil. Bilirik ki, dialoq – tamaşaçıya çatdırılmalı olan xüsusi formada qurulmuş informasiya toplusudur. Dialoqun funksiyaları var və seriyada dialoqlar yalnız müəyyən qədər öz funksiyalarını yerinə yetirirdi ki, o da ara sözlərin içində itirdi.
Dilaoqların bu cür işlənməsi yəqin ki, serialın əhalinin böyük hissəsi tərəfindən qəbul edilməsi üçün edilib. Bu cür dialoqlor peşəkar iş olaraq qəbul edilmir. Lakin tamaşaçımızın çox hissəsi belə dialoqları təbii hesab etdiyindən (rus sözlərindən istifadə də bura aiddir) müəlliflər izləyicinin çox hissəsinin bəyənməsini daha vacib hesab ediblər.
GƏLƏCƏK ELEMENTLƏRİ. Namaz Qurbanla söhbətində evlərinin genişliyi ilə bağlı danışarkən iki dəfə “bu gün-səhər xeyir-şər edirsən” ifadəsi səsləndirir. Bu, gələcəklə bağlı verilən anonsdur və tamaşaçının diqqətini özündə saxlamaq məqsədi daşıyır. Belə ki, serialın detektiv janrda olduğunu və qarşıda qətllərin olacağını tamaşaçı artıq bilir. Bu dialoqda isə Qurbanın ailə üzvlərindən kiminsə öləcəyi anonsu verilir. Tamaşaçı həmin şəxsin kim olacağını bilmək üçün seriyanı izləməyə məcbur olur. Bu informasiya hekayəyə sonradan yenə xidmət edəcək. Növbəti seriyalarda bu dialoq Nurlanın ölümündə Namazdan şübhələnilməsi üçün ipucu funksiyasını yerinə yetirəcək.
Ümumiyyətlə, seriyada gələcəklə bağlı çoxlu anonslar verilib. Kamranın vatsap yazışması, Elnurun ofisdə Kərimlə hansısa “o məsələ” haqda danışması, Vaqifin yoldaşına qarşı niyə əsəbi olması, Qurbanın arxasından “qara” işləri var” deyilməsi və s. Bütün bunlar tamaşaçının diqqətini özündə saxlayaraq gözlənti yaratmaq və cavabları əldə etmək üçün onu növbəti seriyanı izləməyə sövq etmək məqsədi daşıyır.
NƏTİCƏ. Üfüqi seriallarda birinci seriya serial üçün “set up” rolunu oynayır. “Set up” – filmin dünyası, qaydaları, personajlar, onların münasibəti, vəziyyətlər, mövzu və s. hekayənin başlaması üçün lazım olan nəsnələrin təqdim edilməsidir. Lakin bununla yanaşı, birinci seriyada hekayə artıq start götürür. Yəni, birinci seriya həm serial üçün “set up” funksiyası daşıyır, həm də özü ayrıca mövcud olur.
“Əqrəb mövsümü”ndə də birinci seriya serial üçün “set-up” funksiyasını yerinə yetirir. Lakin seriyanın özü ayrıca mövcud deyil. Müəlliflər bütün yatırımı növbəti seriyalara ediblər və birinci seriyada hekayəni başlamaqdan daha çox növbəti seriyaların daha maraqlı olacağı fikrini yaratmağa çalışıblar.
Çoxlu xətlərin olması, personjalar, gələcəklə bağlı anonslar, personajlar arasındakı gərginlik və konfliktlərin cücərtiləri, hətta qaydaların pozulması bahasına olsa belə, qətllə bağlı məlumat növbəti seriyaların daha maraqlı olacağı düşüncəsini yaratmağa hesablanıb. Növbəti seriyalara baxmamışam. Bəlkə həqiqətən də maraqlıdır. Amma növbəti seriyaları maraqlı etmək üçün serialın ən vacib seriyasını qurban vermək olmaz...
Hər bir halda, serialın bu qədər səs-küy yaratması sevindiricidir. Nəzərə alaq ki, əsər də, serial da, yaradıcılar da - hamısı bizimdir. Hər şeyi bizə aid olan bir iş də bütün nöqsanları ilə qəbul edilməlidir.
TV kanalın seriala maliyyə ayırması alqışa layiqdir. İnşallah, zamanla keyfiyyət də arzu olunan səviyyəyə qalxacaq. Yetər ki, dəstək olmağı dayandırmayaq. Əlbəttə ki, büdcəni də artıraq.
Serialın yaradıcılarına və İtv kanalına təşəkkür və uğurlar! Davamlı olsun!